Sel avtomobil körpüsünü dağıdıb-Yenilənir

Foto arxiv

Dünən, iyunun 2-də axşam saatlarında Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb.

AZƏRTAC-ın xəbərinə görə, Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Nəticədə yüzlərlə avtomobil yolda qalıb. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

Sel çay üzərindəki piyada körpüsünü də aparıb.

Şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Qaz, elektrik və içməli su xətləri yararsız hala düşüb.

Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerinə gediblər.

Çayda suyun çoxluğu səbəbindən Göyçay şəhəri, Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinlərinə təhlükə yarandığı bildirilir. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələri, meyvə bağları yararsız hala düşüb.

***

Göyçay çayı üzərindəki körpüdə çökmə təhlükəsinin Bakı-Şamaxı-Yevlax magistralında böyük tixaca səbəb olduğu bildirilir.

APA-nın məlumatına görə, iyunun 1-dən yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub. Sel suları çay yatağının genişləndirib, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.

Sel sularının Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurduğu bildirilir.

Verilən məlumata görə, iyunun 2-də günorta saatlarında çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü yararsız hala düşüb.Körpünün altındakı beton plitələri və mühafizə bəndini sel aparıb. Üstəlik, körpünün asfalt qatında iri çatlar əmələ gəldiyi deyilir.

Rəsmi qurumlar hələ ki, Göyçay çayı ətrafında yaranmış durumla əlaqəli hər hansı açıqlama verməyiblər.