SOCAR və 'Statoil' iki saziş imzalayıb

Xəzərdə neft platforması

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə «Statoil» (Equinor) şirkətlərinin yeni kəşfiyyat və hasilat layihələri haqqında sazişlər imzaladığı bildirilir.

Bu haqda SOCAR-ın məlumatında yazılır.

Məlumata görə, mayın 30-da SOCAR-la Norveçin «Equinor» qrupunun bir hissəsi olan «Statoil Azərbaycan» şirkəti arasında 2 saziş imzalanıb. Həmin sazişlər «Xəzər dənizinin Azərbaycan sektorunda «Qarabağ» neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti» (RXS) və «Əşrəfi-Dan Ulduzu-Aypara» sahəsinin kəşfiyyatı, işlənməsi, hasilatın pay bölgüsü» (HPBS) haqqındadır.

««Qarabağ» yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. HPBS çərçivəsində isə seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihələrin icrasından ötrü «Statoil» və SOCAR 50/50 birgə əməliyyat şirkəti yaradacaq», - şirkətin məlumatında vurğulanır.

Xatırlatma

«Qarabağ» perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib. Yataqda neft və qazın olması 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində təsdiqlənib. Yataq Bakıdan 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

«Dan Ulduzu» və «Əşrəfi» perspektiv strukturları isə Bakıdan 100-110 kilometr məsafədə yerləşir. Orda dənizin dərinliyinin 80-180 metr olduğu bildirilir. «Aypara» sahəsi isə Bakının 90 kilometrliyindədir.

SOCAR və «Statoil» (Equinor) şirkətləri 1992-ci ildən «Azəri»,«Çıraq» və dərinsulu «Günəşli» (AÇG) neft yataqlarının işlənilməsi layihəsində əməkdaşlıq edir. AÇG layihəsində SOCAR-ın payı 25, «Statoil Azərbaycan» şirkətinin payı isə 7.27 faizdir.

«Statoil Azərbaycan» şirkətinin bu yaxınlarda adı dəyişdirilmiş «Equinor Group»un (keçmiş «Statoil Group») bir hissəsi olduğu bildirilir.