Komitə sədri: 'Bəzən azyaşlılara kəbin kəsirlər'

M.Qurbanlı

«Azərbaycan qanunvericiliyinə əsasən, ölkəmizdə din sahəsində yalnız rəsmi təyinatı olan şəxslər fəaliyyət göstərə bilər. Bu, tək islama deyil, yəhudilik, xristianlıq və digər dini icmalara da aiddir».

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı deyib ki, əgər kimsə rəsmi təyinat olmadan fəaliyyət göstərirsə, inzibati xətalar və cinayət məcəllələrində bununla bağlı maddələr var: «Bizim komitənin də bu cür şəxsləri aşkara çıxarmaq, protokollar tərtib etmək, cərimələmək səlahiyyəti var. Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır».

Komitə sədri qeyd edib ki, bu cür şəxslər bəzən kəbinlər də kəsirlər: «Bu cür şəxslər bəzən insanları aldadaraq qeyri-qanuni kəbin kəsməklə məşğul olur. Kimsə dini kəbin kəsdirmək istəyirsə, yalnız rəsmi şəkildə fəaliyyət göstərən hər hansı din xadiminə kəbin kəsdirə bilər. Kəbin də o zaman kəsilə bilər ki, evlənən insanlar həddi-buluğa çatmış olsun və onların vətəndaşlıq aktlarının qeydiyyatı ilə bağlı rəsmi nikah sənədi olsun. Əgər həmin rəsmi nikah sənədini məsciddə, yaxud hər hansı dini məkanda çalışan din xadiminə təqdim etmirsə, bu halda dini kəbin kəsilməsi yolverilməzdir. Rəsmi təyin olunmayan şəxslər bu cür fəaliyyətlə məşğul olur və bu da çox böyük problemlər yaradır. Bəzən azyaşlılara kəbin kəsirlər. Bu, cinayətdir və bəziləri cinayət məsuliyyətinə cəlb edilib».

Xatırlatma

Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub. Ancaq üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə bunun 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

2011-ci ilə qədər isə nikah yaşı kişilərdə 18, qadınlarda 17 olub.