Milyonlar oğurlamaqda şübhəli sayılan hakerlər saxlanıb

Haker

Rusiya vətəndaşı Pavel Lunin və Ukrayna vətəndaşı Andrey Serb kibercinayətdə şübhəli sayılaraq həbs edilib.

Bu haqda Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə məlumatında bildirilir.

Saxlanan şəxslərin Azərbaycan banklarından milyonlarla vəsaitin qanunsuz köçürülməsində ittiham olunduğu vurğulanır.

Qurumların bildirməsinə görə, 2018-ci ilin mayında «formal şirkətlər» yaratmaq, bank hesabları açmaq və əcnəbilərin hesablarından yerli banklardakı hesablara, daha sonra isə MDB ölkələrinə qanunsuz pul köçürmələrinin həyata keçirilməsinə dair məlumatlar əldə edilib.

Görülən tədbirlər nəticəsində bu əməllərin törədilməsində şübhəli bilinən P.Lunin və A.Serbin müəyyən edilərək saxlanıldığı, bank hesablarının dondurulduğu bildirilir.

Saxlanılan hər iki şəxs Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə məsuliyyətə cəlb ediliblər. Məhkəmə onların barəsində həbs-qətimkan tədbiri seçib.

Saxlanan şəxslərin və ya onların vəkillərinin ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.