Lənkəranda cəbhəçinin həbs edildiyi bildirili

Foto arxiv

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP)Lənkəran şöbəsinin fəalı Əflatun Səfərovun həbs edildiyi deyilir.

Bu barədə AXCP-dən məlumat veriblər.

Məlumata görə, cəbhəçi dünən, mayın 18-də heç bir izahat verilmədən Lənkəran Rayon Polis İdarəsinə aparılıb. Onun gecə polisdə saxlanıldığı, bu gün, mayın 19-u səhər məhkəmə qarşısına çıxarıldığı bildirilir.

AXCP-nin məlumatına görə, Ə.Səfərov İnzibati Xətalar Məcəlləsinin 531.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandırılıb. Lənkəran Rayon Məhkəməsinin onun barəsində 1 aylıq inzibati həbs qərarı çıxardığı deyilir.

Partiya Ə.Səfərovun siyasi fəaliyyətinə, vəsosial şəbəkələrdə kəskin tənqidi mövqeyinə görə, həbs edildiyini açıqlayıb.

Bütün bu açıqlamalara, hələlik, Lənkəran Rayon Polis İdarəsindən və məhkəmədən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hazırda AXCP-nin 10-dan çox üzvü isə uzun müddətli həbsdədir. Onlardan bəzilərinin ağır xəstə olduğu deyilir. Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.