Rusiya prezidenti Vladimir Putin hökumətin strukturunun dəyişdirilməsini nəzərdə tutan fərman imzalayıb. Fərmandan öncə Putin mayın 15-də baş nazir Dmitry Medvedev-lə görüşüb.
Kremlin vebsaytında yerləşdirilmiş sənədə görə, Təhsil və Elm Nazirliyi – Ümumi Təhsil Nazirliyi və Elm və Ali Təhsil Nazirliyinə ayrılır. Birinci orta ümumtəhsil və peşə məktəblərinə, ikinci qurumsa universitet və tədqiqat institutlarına nəzarət edəcək.
Gənclik Məsələləri üzrə Federal Agentlik və Təhsilə Nəzarət Agentliyinə nəzarət birbaşa hökumətə keçir. Əvvəllər bu qurumlara görə Təhsil və Elm Nazirliyi məsuliyyət daşıyırdı.
Bu addıma rusiyalı gənclərə nəzarətin sərtləşdirilməsi kimi baxılır. Belə ki, son illər Rusiya boyunca antihökumət yürüşlərinə qatılan yeniyetmələrin və gənclərin sayı artır.
Bundan başqa, Kommunikasiya və İnformasiya Texnologiyası Nazirliyi Rəqəmsal İnkişaf Nazirliyi adlanacaq. Xaricdəki Rusiya ticarət təmsilçiliklərinin əməliyyatlarına nəzarət isə İqtisadi İnkişaf Nazirliyindən Sənaye və Ticarət Nazirliyinə keçir.
Maliyyə naziri baş nazirin müavini təyin olunub. Baş nazir müavinlərinin sayı 10-a çatıb.
Kremlin saytında bildirilir ki, Putin mayın 18-də Medvedev-in yeni hökumətə təyinatları ilə bağlı sərəncam imzalayacaq.