İran, Rusiya və Türkiyənin təşkilatçılığı ilə Suriya sülh danışıqlarının 9-cu raundu mayın 14-də Qazaxıstan paytaxtı Astanada başlanıb.
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Anuar Zhainaqov mayın 14-də jurnalistlərə deyib ki, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura da Astana danışıqlarına qatılacaq, Suriya silahlı müxalifətinin nümayəndə heyəti isə mayın 15-də gəlməlidir.
Zhainaqov Birləşmiş Ştatların danışıqlarda iştirak etmədiyini söyləyib.
ABŞ daha öncə bu danışıqlara qatılırdı.
Rusiya prezidentinin Suriya üzrə elçisi Aleksandr Lavrentyev mayın 14-də deyib ki, Moskva Vaşinqtonun danışıqlarda iştirakına ümid bəsləyir.
Astana danışıqlarından savayı BMT-nin sponsorluğuyla Cenevrədə Suriya danışıqları aparılır. Həmin danışıqlarda adətən, Suriya hökuməti və üsyançı qrupların təmsilçiləri iştirak edir.
Suriya müharibəsində Rusiyayla İran Bashar al-Assad hökumətini, Türkiyə və Birləşmiş Ştatlar isə fərqli üsyançı qrupları dəstəkləyir.
İndiyədək müharibədə 330 mindən çox adam həlak olub, milyonlarla suriyalı evindən didərgin düşüb.