Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir fəalı, milli azadlıq hərəkatının iştirakçılarından Mirfeyzulla Seyidova Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələr hazırlama, istehsal etmə və ya satma ) maddəsi ilə ittiham verildiyi bildirilir.
Bu barədə AXCP-dən məlumat yayıblar.
Verilən məlumata görə, mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib və oradan birbaşa Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Ancaq bu məlumatı Nərimanov Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.
M.Seyidovun mayın 9-da saxlandığı bildirilir. Partiyanın yaydığı məlumata görə, onun ailəsinə bu barədə yalnız mayın 10-da Nərimanov Rayon Polis İdarəsindən məlumat veriblər. Məlumatda vurğulanır ki, ancaq onda saxlanmanın səbəbini aydınlaşdırmaq mümkün olmayıb.
Xalq hərəkatının və AXCP-nin fəallarından olan M.Seyidovun uzun zamandır dializ (böyrək) xəstəsi olduğu açıqlanıb. Partiya ittihamı əsassız sayır.
Sözügedən ittiham sübut olunarsa, cəbhəçiyə əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Xatırlatma
Mayın 6-da isə AXCP fəalı Orxan Baxışlının saxlandığı bildirilir. Partiyadan verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitələr hazırlama, istehsal etmə və ya satmada ittiham edilən gənc istintaq dövründə 4 ay həbs edilib.
Ancaq bu məlumatı da məhkəmə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.
Partiya onun şərləndiyini bəyan edib.
Hazırda AXCP-nin 10-dan çox üzvü uzunmüddətli həbsdədir. Hüquq-müdafiə təşkilatları onları siyasi məhbus sayırlar.
Hakimiyyət rəsmilərim isə ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.