Dağlıq Qarabağa gedən xarici jurnalistlərə yaşıl işıq

Azərbaycan Xarici İşlər Nazirliyi

«Azərbaycan tərəfi dünyada tanınan bəzi beynəlxalq media qurumlarının müraciətini nəzərə alaraq, onların Qarabağa səfər etmələrinə icazə verib».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, «The Financial Times», «The Associated Press», «Agence France-Presse» kimi media qurumları rəsmi məktubla Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət ediblər.

XİN sözçüsü bildirib ki, bu müraciət Azərbaycan qanunlarına hörmət ifadəsidir və buna görə də onların peşə borclarını yerinə yetirmələrinə şərait yaradılıb.

H.Hacıyev Azərbaycan tərəfinə müraciət etmədən Qarabağa səfər edə biləcək media qurumları barədə də fikrini bildirib: «Əlbəttə, bu, istisna deyil, amma belə olduğu halda biz də həmin media qurumlarının redaksiyalarına öz mövqeyimizi ifadə edəcəyik».

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın bu gün, mayın 9-da Xankəndində (Dağlıq Qarabağ) yerli və xarici media nümayəndələrinə mətbuat konfransı keçirməyi planlaşdırdığı bildirilir. N.Paşinyan artıq Dağlıq Qarabağa gəlib.

XİN, adətən, Azərbaycanla razılaşmadan onun işğal edilən ərazisi olan Dağlıq Qarabağa səfər edən xarici jurnalist və müxtəlif qurumların təmsilçilərini «arzuedilməz şəxslər» siyahısına əlavə edir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.