Çin prezidenti Xi Jinping və Şimali Koreya lideri Kim Jong Un Çində görüşüblər. Bu danışıqlar Kim-in ABŞ prezidenti Donald Trump ilə gözlənən sammiti öncəsi baş tutub.
Mayın 8-də görüş haqda açıqlama yayılandan az sonra Trump Twitter-də yazıb ki, “dostu” Xi ilə Şimali Koreya barədə danışacaq.
Çinin CCTV televiziyası Xi və Kim-in Çinin şimal-şərqindəki Dalian şəhərində dəniz sahilində gəzintisini yayımlayıblar.
Rəsmi Xinhua agentliyi iki liderin mayın 7-8-də görüşdüklərini yazıb.
Şimali Koreyanın dövlət mediasının mayın 8-də yazdığına görə, Kim Çin prezidenti ilə Koreya yarımadasındakı siyasi durumla bağlı fikirlərini paylaşıb.
Məlumata görə, Kim Xi-yə deyib ki, onların ölkələri “sıx münasibətlər” saxlamalıdırlar.
Kim martda da Çində olmuşdu, bu, artıq ikinci səfəridir. Pekin Şimali Koreyanın nüvə sınaqlarına görə BMT-nin Pxenyana sanksiyalarını dəstəkləyincə münasibətlər gərginləşmişdi, indi görünür, iki ölkə onları bərpa etməyə çalışır.
Trump və Kim-in iyunda Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə edəcəyi gözlənir.
Trump sammitin yerini və tarixini tezliklə açıqlayacağını deyib.