Torpaqların istifadəsinə peykdən nəzarət ediləcək

Peyk

Azərbaycanda torpaqların idarə olunmasında Peyk Nəzarət Sistemindən istifadə ediləcək.

Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 7-də bu qurumda keçirilmiş müşavirədə bildirib.

Komitənin məlumatına görə, o, torpaqların elektron uçotunun yaradılacağını, sistemli idarə ediləcəyini bildirib.

«Mükəmməl elektron kadastr uçotunun və torpaqlardan səmərəli istifadə edilməsində Peyk nəzarət sistemi qurulacaq. Eləcə də göstərilən bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiyası təmin ediləcək. Müasir kadr potensialı formalaşdırmaqla çevik idarəçilik həyata keçiriləcək», - komitə sədri deyib.

Onun bildirdiyinə görə, Peyk Nəzarət Sistemi vasitəsi ilə əldə ediləcək məlumatlar torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkarlayıb müvafiq tədbirlər görməyə imkan verəcək.

K.Həsənov həmçinin, mobil torpaq laboratoriyalarının istifadəyə veriləcəyini, bunun torpaqların keyfiyyətinin müəyyənləşdirilməsinə və münbitliyin operativ qaydada öyrənilməsinə imkan yaradacağını ifadə edib.

Xatırlatma

Azərbaycanda torpaq sahələrindən səmərəli istifadə mövzusu 2016-cı ilin əvvəlində gündəmə gəlib. Həmin vaxt prezident İlham Əliyev ölkədə torpaqların təyinatına uyğun səmərəli istifadəsi və torpaqların qeyri-qanuni zəbt olunmasının qarşısının alınması ilə bağlı göstərişlər vermişdi.

Ardınca Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaqlarının dövriyyəyə qaytarılması ilə bağlı xüsusi qaydalar hazırlamışdı.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, təkcə 2017-ci ilin birinci yarısında torpaq sahələrindən səmərəli istifadə edilməməsinə görə 600 inzibati protokol tərtib olunub. Ötən ilin yarısında yerli icra hakimiyyəti orqanları ilə birlikdə 40 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələri ləğv edilib. Qurum bunu torpaq sahələrindən səmərəsiz istifadə olunması ilə əsaslandırıb.

Torpaqlardan səmərəli istifadə sahəsində atılan addımlar birmənalı qarşılanmır.

Bir çox rayonların fermerləri deyirlər ki, yerli rəsmi qurumlar torpaqlardan səmərəli istifadə adı ilə onların icarəyə götürmüş olduqları və heyvandarlıqda istifadə etdikləri əraziləri əllərindən alırlar.

Ekspertlərə görə, ölkədəki belə icarə torpaqları bir əldə cəmləşməkdədir.

Azərbaycanın ilk peyki olan «Azerspace-1» 2013-cü ilin fevralında orbitə buraxılıb. «Azərspace-1» 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir. O, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Azərbaycanın növbəti «Azerspace-2» peykinin bu il orbitə çıxarılması nəzərdə tutulur.