Xüsusi prokuror Trump-ın vəkillərinə sualları verib

Donald Trump (solda) və Robert Mueller

“The New York Times” qəzeti yazır ki, ABŞ-da xüsusi prokuror Robert Mueller prezident Donald Trump üçün suallarını onun vəkillərinə təqdim edib. Prokuror Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkisinə müdaxilə iddialarını, Trump-ın bu istintaqı əngəlləməyə çalışıb-çalışmamasını araşdırır.

Suallar Trump-ın bir il öncə Federal Təhqiqat Bürosunun direktoru James Comey-i niyə işdən çıxarması, Trump-ın seçki kampaniyası ilə rusiyalılar arasında hansı kontaktların yaradılması haqdadır.

Qəzetin yazmasına görə, təhqiqatçılar prezidentin hərəkətlərinin istintaqın əngəlləməsinə bərabər olub-olmamasını öyrənir və onu vəzifədə olduğu müddətdə bir neçə epizod üzrə dindirmək istəyir.

Trump-ın vəkilləri qəzetin yazdıqlarıyla bağlı şərh verməyiblər.

Times-ın əldə etdiyi suallardan birində Mueller soruşur ki, Trump öz kampaniyasında çalışanlar, kampaniyasının keçmiş sədri Paul Manafort barədə nə bilib.

Daha bir sual Trump-ın Rusiya prezidenti Vladimir Putin-lə mümkün görüşdə nəyi müzakirə edəcəyi haqdadır.