Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş sədri Azər Tağıyev aprelin 30-da səhər saatlarında dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, beş gün öncə 70 yaşını tamamlayan A.Tağıyev xeyli vaxtdır ki, xəstə idi.
1995-ci ildən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəhbərlik edən A.Tağıyev 2017-ci ilin sentyabrında səhhətindəki problemlərlə əlaqədar istefa verdiyini bildirmişdi.
A.Tağıyev 1948-ci il aprelin 25-də Şəki şəhərində anadan olub. 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.
1974-cü ildən vəkil kimi fəaliyyətə başlayıb, 14 saylı hüquq məsləhətxanasında çalışıb.
A.Tağıyev Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olmaqla yanaşı, həm də 1998-ci ildən Mərkəzi Seçki Komissiyasının üzvü idi.
O, Prezident İlham Əliyevin 24 aprel 2008-ci il tarixli sərəncamı ilə «Əməkdar hüquqşünas» adına layiq görülüb.
A.Tağıyevdən sonra, 2017-ci ilin dekabrından Vəkillər Kollegiyası Rəyasət Heyətinə Anar Bağırov rəhbərlik edir.