Lavrov Məmmədyarova zəng vurub

S.Lavrov və E.Məmmədyarov

Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.

Bu barədə bu gün, aprelin 27-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, telefon danışığı təşəbbüsü S.Lavrovdan gəlib.

O vurğulayıb ki, telefon danışığında Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Xəzər dənizinin hüquqi statusuna dair məsələlər müzakirə edilib.

H.Hacıyevin deməsinə görə, habelə tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqlar da müzakirə obyekti olub.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və əlavə daha bir neçə kənd işğal edilib. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Xəzərin statusu ilə bağlı danışıqlar isə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında gedir. Azərbaycanın əsas fikir ayrılığı İran və Türkmənistanladır. Onlar Xəzərin 5 bərabər hissəyə bölünməsini istəyirlər, Azərbaycan isə buna qarşı çıxır. Azərbaycan bununla bağlı keçmiş SSRİ və İran arasındakı razılaşmaya istinad edir.