Bu gün, aprelin 27-də Bakıda «Formula -1» üzrə Azərbaycan Qran-prisi start götürür.
Bakı Şəhər Halqasının məlumatına görə, 10 komandadan ibarət 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı şəhər halqası paytaxtın tam mərkəzindən keçir.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada həmçinin, «Paddok klub», komandaların boksları və pit-leyn qurulub.
Aprelin 27-də «Formula-1» və «Formula- 2» üzrə sərbəst yürüşlər təşkil olunacaq.
Aprelin 28-də «Formula-1» üzrə sərbəst və sıralama yürüşü, «Formula- 2» üzrə isə birinci yarış keçiriləcək.
Aprelin 29-da isə «Azərbaycan Qran-Pri»si və «Formula-2» üzrə ikinci yürüş baş tutacaq.
Xatırlatma
Azərbaycanda «Formula-1» yarışları bu il üçüncü dəfədir ki, keçirilir. Buna qədər bu yarışlar Azərbaycanda 2016-cı və 2017-ci illərdə keçirilib. Bu yarışlar, razılaşmaya əsasən, Azərbaycanda 2019 və 2020-ci illərdə də təşkil edilməlidir. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əvvəlcədən razılaşdırılmış bu haldan imtina edərlərsə, ölkəni 50 milyon dollar cərimə gözləyir.
Ancaq rəsmilər ümumilikdə «Formula-1» yarışlarına nə qədər xərc çəkildiyini açıqlamırlar. Azərbaycan müxalifəti baş verənləri israfçılıq sayır.