Həbsdəki redaktorun səhhətinin pisləşdiyi bildirilir

Ə.Sadıqov

Azel.tv saytının təsisçisi və redaktoru, həbsdə olan Əfqan Sadıqovun səhhətinin pisləşdiyi deyilir.

Bu barədə bu gün, aprelin 23-də AzadlıqRadiosuna onun həyat yoldaşı Sevinc Sadıqova danışıb.

S.Sadıqova aprelin 21-də Kürdəxanıdakı istintaq təcridxanasında saxlanan həyat yoldaşına baş çəkib. Onun deməsinə görə, həyat yoldaşının arterial təzyiqi qalxıb, güclü baş ağrıları, ürək ağrıları var, vaxtaşırı yaddaşını itirir: ​«Aprelin əvvəlində Əfqanı həbsxana xəstəxanasına yerləşdiriblər. Orada 10 gün qalıb. Xəstəxanadan çıxdıqdan sonra vəziyyəti yenidən pisləşib».

Həyat yoldaşının deməsinə görə, Ə.Sadıqovu vaxtaşırı 17 saylı Cəzaçəkmə Müəssisəsindən təcridxanaya aparmaları və geri qaytarmaları ona pis təsir edir.

«Biz Əfqanın həyatına və səhhətinə görə narahatıq. Xahiş edirik ki, onu həbsxana xəstəxanasına köçürsünlər. Mayın 23-də onun cəza müddəti bitir. İstəyirik ki, həbsdən sağ-salamat çıxsın», - S.Sadıqova bildirib.

Ə.Sadıqovun sağlıq durumu ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanıb. O, icra hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. Sadıqov bunu «qurama iş» adlandırıb.

2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunaraq 2 il 6 ay həbs cəzası alıb.

Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il azaldıb.

Cəza müddətinin başa çatmasına az qalsa da, onun həbs müddəti uzadıla bilər. Çünki iki ay əvvəl həbsdəki redaktorla bağlı daha bir məhkəmə prosesi başlayıb. Bu dəfə redaktor rəhbərlik etdiyi saytda böhtana yol verilməsində günahlandırılır. Ə.Sadıqovu Cəlilabad Rayonu İcra Hakimiyyətinin keçmiş, Yasamal rayonunun yeni başçısı Əziz Əzizovun böhtanda ittiham etdiyi bildirilir. Onun redaktora həbs cəzası verilməsini istədiyi açıqlanıb. Həmin məhkəmə prosesi bu günlərdə davam etdiriləcək.

Ə.Sadıqov böhtanla bağlı ittihamı qəbul etmir. Məhkəmə ittihamı təsdiqləsə, jurnalistə əlavə 3 ilədək həbs cəzası verilə bilər.

Hüquq müdafiə təşkilatları Ə.Sadıqovu siyasi məhbuslar siyahısına daxil ediblər.

Ancaq rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə alınıblar.