Nazir Azərbaycana silah satışında məhdudiyyətdən danışdı

Azərbaycan Müdafiə Nazirliyi

Bu gün, aprelin 20-də Azərbaycan müdafiə naziri Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı generalı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Z.Həsənov NATO ilə hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyəti və Əfqanıstandakı «Qətiyyətli dəstək» missiyasına verdiyi töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

NATO-nun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən nazir Alyansın bundan sonra da bu istiqamətdə səylərini davam edəcəyinə əminliyini ifadə edib.

Ölkəsinin sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmlə mübarizə apardığını bildirən müdafiə naziri bəzi xarici dövlətlərin Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyduğunu da qonağın diqqətinə çatdırıb.

Öz növbəsində general K.Skaparotti Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün Bakıda keçirilməsinə göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Xatırlatma

Dünən. aprelin 19-da Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı (SACEUR) K.Skaparotti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə görüşüb.

Tərəflərin Suriyadakı durumla bağlı fikir mübadiləsi apardıqları bildirilir.

Onlar bundan əvvəl, aprelin 19-da ev sahibi kimi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə də görüşmüşdülər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.