Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Qərbin raket zərbələrindən sonra Suriya prezidenti Bashar al-Assad-a S-300 havadan müdafiə sistemləri verilə bilər.
Aprelin 20-də RIA dövlət xəbər agentliyinin yaydığı müsahibədə Lavrov bildirir ki, Rusiya keçmişdə Assad hökumətinə S-300 verməkdən çəkinib, çünki Qərb ölkələri bunu etməməyə çağırıb.
“Mənəvi öhdəliyimiz vardı, 10 il öncə Assad-a S-300 raketləri verməməyə boyun olmuşduq. Ancaq müdafiə məqsədiylə istifadə olunmasına baxmayaraq, xahişlərə əməl edirdik. Daha belə bir mənəvi öhdəliyimiz yoxdur”, – Lavrov deyib.
Aprelin 14-də Birləşmiş Ştatlar, Britaniya və Fransa Suriyada hökumət obyektlərinə 100-dən çox raket atıb, bunun paytaxt Dəməşq yaxınlığındakı Duma şəhərində onlarla dinc sakinin ölümünə səbəb olmuş şübhəli qaz hücumuna cavaba olaraq gerçəkləşdirildiyi bildirilib.
Lavrov-un sözlərinə görə, Rusiya bu zərbələrdən öncə ABŞ rəsmilərinə Suriyanın hansı hissələrinin Moskvadan ötrü “qırmızı xətt” təşkil etdiyini deyib, zərbələrin həmin xətləri keçməməsini istəyib.
ABŞ rəsmiləri zərbələrdən öncə hava məkanının təmizlənməsi üçün Rusiyayla hərbi kommunikasiya yaradıldığını, ancaq hədəflər barədə öncədən məlumat vermədiklərini deyiblər.
Lavrov həmçinin bir məsələyə inamını dilə gətirib ki, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trump ilə birlikdə iki ölkə arasında silahlı qarşıdurmaya imkan verməyəcək.