Azərbaycan İran bölgələrinə elektrik verəcək

Elektrik xətləri

Bu ilin iyun ayından başlayaraq, Azərbaycan İranın iki bölgəsini elektrik enerjisi ilə təmin edəcək.

Bununla bağlı «Azərenerji» ASC ilə İranın «TAVANİR» Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti arasında müqavilə bağlanıb.

Energetika Nazirliyinin məlumatında yazılıb ki, müqavilə elektrik enerjisinin alqı-satqısını nəzərdə tutur. Müqaviləyə əsasən, iyundan İranın təcrid olunmuş (ada rejimində) Muğan və Astara bölgələrindən ötrü «Azərenerji» ASC-dən 180 MVt həcmində elektrik enerjisinin idxalı prosesinə başlanacaq.

Müqavilə energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlər İrana səfəri çərçivəsində imzalanıb. Səfər zamanı həmçinin, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi, üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri də müzakirə edilib.

Səfər zamanı Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin reallaşdırılması məqsədilə üçtərəfli görüşün aprelin 26-da Bakıda keçirilməsi də razılaşdırılıb.

Tərəflərin İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi dəhlizinin inkişafı məsələsini də müzakirə etdikləri bildirilir.