Müxalifətin mitinqinə icazə verildi

Mitinq. 31 mart 2018

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şura və Müsavat Partiyasının mitinqinə razılıq verib.

Bu haqda AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, BŞİH-in razılıq məktubu təşkilatçılara təqdim olunub.

Mitinq aprelin 14-nə nəzərdə tutulub.

Təşkilatçıların bildirməsinə görə, mitinqin əsas şüarı «Xalqın seçki hüququnu özünə qaytar!» olmalıdır. Bundan başqa, prezident seçkisinin nəticələri ilə bağlı şüarların da səsləndiriləcəyi gözlənir.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycanda bu prezident seçkisi hazırkı dövlət başçısı İ.Əliyevin istəyindən asılı olaraq 6 ay önə çəkilib.

Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov aprelin 11-dən 12-nə keçən gecə prezident seçkisinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. O deyib ki, artıq 5 min 641 seçki məntəqəsindən 5 min 201-i, yəni 92.2 faizi hesabat verib.

MSK sədri vurğulayıb ki, 3 milyon 959 min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb.

M.Pənahovun deməsinə görə, sayılan bülletenlərə əsasən, İ.Əliyev 86 faizlə liderdir. Daha sonra Zahid Orucun 3.11 , Qüdrət Həsənquliyevin 3.04, Sərdar Cəlaloğlunun 3.02, Hafiz Hacıyevin 1.51, Araz Əlizadənin 1.39, Fərəc Quliyevin 1.18, Razi Nurullayevin isə 0.75 faiz səs topladığı bildirilib.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot ediblər. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıblar.

Hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası isə seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

Qalan namizədlər də seçkinin nəticələrini tanımadıqları ilə bağlı hər hansı açıqlama verməyiblər.