Azərbaycanın ikinci geostasionar peyki «Azerspace-2/Intelsat 38»in fəzaya göndərilməsinə hazırlıq gedir. Peykin orbitə buraxılması mayın 25-nə planlaşdırılıb.
AZƏRTAC-ın xəbərinə görə, bununla Fransanın «Arianespace» şirkəti məşğul olur.
Azərbaycanın peyki orbitə Cənubi Amerikanın şimal-şərqindəki Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan buraxılmalıdır. «Azerspace-2/Intelsat 38»in orbitə çıxarılmasına «Ariane 5 ECA» raket daşıyıcısı kömək edir.
Yanvarın 10-da «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyev «Azerspace-2»nin orbitə aprel ayında buraxılacağını açıqlamışdı.
Bundan əvvəl isə onun orbitə 2017-ci ildə buraxılacağı gözlənirdi.
Xatırlatma
«Azerspace-2»in tikintisi üzrə işlərə 2016-cı ilin əvvəllərində başlanıb.
Azərbaycanın ilk peyki olan «Azerspace-1» 2013-cü ilin fevralında orbitə buraxılıb. Həmin peyki «Azərkosmos» ASC idarə edir.
«Azərspace-1» 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir. O, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Verilən məlumata görə, «Azərkosmos» ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac etməkdədir.