Rusiya Telegram-ı bağlamaq istəyir

İllüstrativ foto

Rusiyanın dövlət media tənzimləyicisi məhkəməyə müraciət edərək Telegram mesajlaşma əlavəsinin bağlanmasını istəyib. Səbəb şirkətin Federal Təhlükəsizlik Xidmətinə (FSB) istifadəçilərinin məlumatlarına çıxış verməməsidir.

Roskomnadzor vebsaytında yerləşdirdiyi bəyanatda bildirir ki, Moskvanın Taganka Rayon Məhkəməsinə aprelin 6-da müraciət edib, “Rusiya ərazisində Telegram-a çıxışın məhdudlaşdırılmasını” istəyib.

Bu addım Rusiyanın internet azadlıqlarını boğmağa çalışması sarıdan narahatlıqları artıra bilər. Həm də bu, prezident Vladimir Putin-in martın 18-də daha altı illiyə bu posta seçilməsindən sonraya təsadüf edir.

Roskomndzor Telegram-a xəbərdarlığı martın 20-də göndərib və qoyulmuş vaxt aprelin 4-də bitib. Daha öncə Rusiya Ali Məhkəməsi Telegram-ın FSB-yə qarşı məhkəmə iddiasını rədd edib. Telegram təmsilçiləri FSB-nin tələbinin qanunsuzluğunun tanınmasını istəyirdilər. Messencer Rusiya Konstitusiyasına istinad edirdi, burada yazışmaların gizliliyi təmin olunur. Ancaq FSB buna cavabında bildirib ki, messencer istifadəçilərinin yazışmaları informasiya deyil və Konstitusiya ilə qorunmur.