Prezident: 'Azərbaycan hər zaman Fələstin Dövlətinin yanındadır'

Fələstin lideri Mahmud Abbas və İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, R.Malki Bakıda keçiriləcək Qoşulmama Hərəkatı nazirlər konfransının önəmini vurğulayıb və bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

Prezident İ.Əliyev isə Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb.

Aprelin 5-dən 6-na kimi Bakıda «Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi» mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək.

1961-ci ildə yaradılan Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilən XVI Nazirlər Konfransında Hərəkata qoşulub. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi etməlidir. 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatında sədrlik Azərbaycana məxsus olacaq.

Xatırlatma

Fələstinlə İsrail arasında münaqişə var.

İsrail-Fələstin problemi 1948-ci ildən başlamaqla müasir dünyanın ən «uzunömürlü» münaqişələrindən biri sayılır. Bu münaqişə bir neçə dönəmlərdə müharibə ilə müşahidə edilib. Qüds şəhərinə hər iki tərəf iddia edir. Hazırda şəhər İsrailin nəzarətindədir.

BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli məqsədilə çoxsaylı qətnamələr qəbul etsə də, tərəflər onlara əməl etməyiblər.