Aprelin 2-də Pakistanın cənub-qərbində dörd xristian güllələnib. Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.
Polisin məlumatına görə, Baluçistan vilayətinin paytaxtı Kvetta şəhərində silahlılar həmin şəxslərə atəş açıb. Bir ailənin üç üzvü və sürücü hadisə yerində ölüb, uşaq isə sağ qalıb və xəstəxanaya aparılıb.
Bu hücumdan bir gün öncə Pakistanın xristian icması Pasxa bayramını qeyd edib. Ölkənin 200 milyonluq əhalisinin 2 faizə yaxını xristiandır.
Əsasən sünni müsəlmanların yaşadığı Pakistanda azlıqda olan xristianlara və şiə müsəlmanlara tez-tez hücumlar olur.
Dekabrda, Milad bayramına bir həftə qalmış ölkənin cənub-qərbində xristian kilsəsinə iki intiharçı bombaçı hücum etmiş, azı 10 nəfər öldürülmüş, 56 nəfər yaralanmışdı. Bu hücuma görə də məsuliyyəti İŞİD üzərinə götürmüşdü.