Hava şəraiti ilə əlaqədar «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyəti (QSC) baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görüb.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin mətbuat katibi Mehman Mehdiyev deyib. O bildirib ki, bununla bağlı dənizçilərə xəbərdarlıq edilib:
«Təhlükəsizliyin təmin olunması üçün hazırda səfərdə olan «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-yə məxsus gəmilər səfərlərini müvəqqəti dayandırıb. Onlar sığınacaqlarda, lövbərdə gözləmə mövqeyindədir. Hava şəraiti uyğun olduqdan sonra gəmilərin hərəkəti bərpa olunacaq».
Hazırda Bakıda hava küləklidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də əvvəlcədən bu gün, martın 30-da Bakı və Abşeronda güclü şimal-qərb küləyinin əsəcəyini bildirmişdi.