Bir sıra rayonlarda bəzi kəndlər işıqsız qalıb

Güclü küləyin fəsadları (arxiv fotosu)

Bu gün, martın 21-də güclü küləyin Azərbaycanın bəzi rayonlarında ciddi fəsadlara yol açdığı bildirilir.

APA-nın xəbərinə görə, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, dirəklərin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yarandığı söylənir.

Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

Buna da bax: Havanın küləkli olacağı gözlənir

Küləyin Ağdam, Bərdə rayonlarında və Mingəçevir şəhərində də oxşar fəsadlar törətdiyi bildirilir. Ağdam rayonunda bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yarandığı deyilir.

Xəbərə görə, külək rayonun Quzanlı qəsəbəsində və Bərdə rayonunun Soğanverdilər kəndində bəzi evlərin dam örtüyünü uçurub.