Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un Vyetnama səfəri “gözlənilməz səbəblər”dən qəfil ertələnib. Xəbəri “Frans Pres” agentliyi yayıb.
Martın 19-da agentlik Vyetnamın Xarici İşlər Nazirliyinə istinadla yazıb ki, “Rusiya xarici işlər nazirinin Vyetnama səfəri gözlənilməz səbəblərdən planlaşdırıldığı kimi baş tutmayacaq”.
“Səfərin dəqiq vaxtı daha sonra agentliklərə açıqlanacaq”, – məlumatda deyilir.
Agentlik Hanoyda adını çəkmədiyi rusiyalı diplomata istinadla bildirib ki, səfər “siyasi deyil, texniki” səbəblərdən ertələnib.
Səfər martın 19-da səhər Vyetnam prezidenti Tran Dai Quang ilə görüşlə başlamalıydı.
Lavrov vyetnamlı həmkarı, Vyetnam Kommunist Partiyasının rəhbəriylə də görüşməliydi.
Vyetnam Moskvanın əsas ticarət tərəfdaşlarından, həm də Rusiyadan əsas hərbi avadanlıq alıcısıdır.