Əsas kapitala qoyulan vəsait azalıb

Manat

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 1824.7 milyon manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsinin martın 16-da yaydığı məlumatda yazılır.

Əsas kapitala qoyulan vəsaitdə azalma var.

DSK-nın arxiv materiallarında qeyd edilir ki, 2017-ci ilin eyni dövründə isə əsas kapitala 2093.7 milyon manat vəsait qoyulub.

Ancaq qeyri-neft sektoruna qoyulan vəsaitdə artım olduğu vurğulanır.

«Ümumi sərmayənin 74.9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 79.3 faizi məhsul istehsalı obyektlərinin payına düşüb», - məlumatda yazılır.

Sərmayənin 14.8 faizi xidmət sahələri üzrə obyektlərin, 5.9 faizi isə ümumi sahəsi 242.1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə gedib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 50.8 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 68.1, bank kreditləri 10.9, büdcə vəsaitləri isə 15 faiz olub.

Qalanları da əhalinin şəxsi hesabına və büdcədənkənar fondların payına düşür.