Vəkil: 'Cəbhəçilərə inzibati cəzalar əsassız verilib'

Sizin brauzer HTML5-i dəstəkləmir

Müxalifət Bakıda mitinq keçirdi [Yekun video]

Vəkil Əshabəli Mustafayev martın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında cəza çəkən iki fəalı ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna Ə.Mustafayevin özü bildirib. Vəkilin deməsinə görə, bu gənclərə martın 7-də inzibati cəza verilib: «Görüşdüklərim Hikmət Əliyev və Yalçın Abdullayev idi. Onlar mitinq ərəfəsində, martın 5-dən yaşadıqları ərazilərdəki polis bölmələrinə çağrılıblar, polisin çağırışına görə də bölmələrə gediblər. Bununla belə, martın 7-də «polisə müqavimət» adı ilə cəzalandırılıblar».

Vəkil deyir ki, ötən həftə ümumiyyətlə, 6 cəbhəçiyə inzibati həbs cəzası verilib. Onlardan 2 nəfərinə 20, 4 nəfərinə isə 15 sutka inzibati həbs verildiyi bildirilir. Vəkilin deməsinə görə, ittihamların hamısı polisə müqavimətlə bağlıdır.

Amma vəkil gənclərə polisə müqavimət adı ilə inzibati cəza verilməsinin hüquqi əsası olmadığını söyləyir. O deyir ki, bu inzibati cəzalar cəbhəçilərə mitinqdə iştiraklarının qarşısını almaq məqsədilə verilib.

Vəkilin bu açıqlamasına hələlik Daxili İşlər Nazirliyi və məhkəmələrin münasibətini almaq mümkün olmayıb.

AXCP-dən bildirildiyinə görə, mitinqdən öncə bir çox fəallar polisə çağırılaraq hədələnib. Onlardan yalnız 6-na inzibati cəza verildiyi bildirilir.

Ötən həftə Müsavat Partiyası rəhbərliyi də 20-dən çox fəallarının polisə çağrılaraq hədələndiyini açıqlamışdı. Bu partiya da baş verənləri mitinqlə izah etmişdi.

Ancaq bu deyilənləri hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Milli Şuranın bundan öncəki aksiyaları ərəfəsində də onlarla müxalif fəalların polisə çağırıldığı bildirilirdi. Hətta bəzi fəallara polisə müqavimət ittihamı ilə sutkalıq inzibati həbslər də verilmişdi.

Müxalifət baş verənləri hakimiyyətin aksiyaların kütləvi olacağından çəkinməsi kimi izah edirdi. Hakimiyyəti müdafiə edənlər isə deyirdilər ki, müxalifət belə fikirləri səsləndirməklə aksiyalara az adamların qatılmasına «don geydirməyə» çalışır.

Üstəlik, prezident İlham Əliyev də çıxışlarında bəyan edib, ölkədə sərbəst toplaşmaq azadlığı tam qorunur.

Xatırlatma

Martın 10-da Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonu ərazisindəki «Məhsul» stadionunda birgə mitinq keçiriblər. Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb.

Mitinqdə «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlar səsləndirilib.

Bakı Şəhər Baş Polis İdarəsi bildirib ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.