İran Azərbaycana 3 mlrd. dollar yatırıb

Şahin Mustafayev

«Ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz artıb. İran Azərbaycana 3.1 mlrd. ABŞ dolları investisiya yatırıb».

İqtisadiyyat Nazirliyinin bu gün, martın 13-də yaydığı məlumata görə, bunu hazırda İranda səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Məlumatda bildirilir ki, Ş.Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti martın 12-də İranın iqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian ilə görüşdə bu açıqlamanı səsləndirib.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib.

O həmçinin vurğulayıb ki, İranın iştirakı ilə Azərbaycanda reallaşdırılan avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir. Bundan başqa Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə işlər gedir. Ş.Mustafayev deyib ki, həmin zavod da İranla birgə yaradılır.

Görüşdə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblər.

Səfərin sabah, martın 14-də başa çatacağı gözlənilir.

İqtisadiyyat naziri Ş.Mustafayev martın 12-dən İranda görüşlərə başlayıb.