MSK sədri mitinqə münasibət bildirib

Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Şura və Müsavat Partiyasının martın 10-na təyin etdiyi mitinqin seçkiqabağı təşviqata zidd olub-olmaması barədə sualı cavablandırıb.

APA-nın məlumatına görə, MSK sədri deyib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-da başlanır.

M.Pənahovun bildirməsinə görə, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır:

«Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur. Həm də hesab edirəm ki, siyasi partiyalar kifayət qədər təcrübəlidir. İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun».

Xatırlatma

Milli Şura və Müsavat Partiyası birgə aksiya keçirmək qərarına gəliblər. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müracıət edilib və aksiyada «Talana yox», «Monarxiyaya son» və sair şüarların səsləndiriləcəyi açıqlanıb.

Dövlət başçısı İ.Əliyev fevralın 5-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam verib. Seçkilər bu il aprelin 11-nə təyin edilib.

15-ə yaxın şəxs prezidentliyə namizədliyini irəli sürüb. Onlardan indiyə kimi yalnız hazırkı dövlət başçısı İ.Əliyevin namizədliyi qeydə alınıb.

Bəzi müxalif qüvvələr - Milli Şura, Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirlər və onun boykot edilməsi ilə bağlı qərar veriblər.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib.