Müdafiə naziri Zakir Həsənov və nazirliyin başqa rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrində olublar.
Bu barədə bu gün, martın 6-da Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, nazir müdafiənin ön xəttindəki bölmələrdə üzbəüz yerləşən mövqeləri müşahidə edib.
«Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların maddi-texniki təminatını, silah-sursat, hərbi texnika ilə təchizatını və şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib», - məlumatda vurğulanır.
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.