Arıçılara subsidiya veriləcək - 10 manat

Arxiv fotosu

Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə, ildə 10 manat məbləğində subsidiya veriləcək. Subsidiyaların verilməsi qaydası 2018-ci il də daxil olmaqla 5 il müddətində qüvvədə olacaq.

Prezident İlham Əliyevin martın 5-də arıçılığın inkişafının stimullaşdırılması ilə bağlı imzaladığı sərəncamda belə yazılır.

Sənədə görə, Nazirlər Kabineti iki ay müddətində arıçılara subsidiya verilməsi qaydasını təsdiqləməlidir. Kənd Təsərrüfatı Nazirliyi isə Dövlət Statistika Komitəsi ilə birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna verilmiş subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası barədə ildə bir dəfə prezidentə məlumat təqdim etməlidir.

Buna da bax: Bakıda arıçılıq məhsullarının sərgi yarmarkası keçirilir

Xatırlatma

Azərbaycanda müxtəlif kənd təsərrüfatı sahələrinin dövlət tərəfindən dəstəklənməsi 2016-cı ildən prioritet məsələyə çevrilib.

Həmin il prezident İlham Əliyev pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında, eləcə də 2017-ci ildə “Şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” sərəncamlar verib.

Həmin sənədlərə əsasən istehsalçılara iki ildir, tədarükçülərə təhvil verdikləri xam pambığın hər kiloqramına görə 0,1 manat, quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat verilir. Bu ildən başlayaraq isə şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya verilməyə başlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin bilgilərinə görə, ötən mövsüm xam pambığa görə 20 719,3 min, quru və yaş tütünə görə 201,1 min, şəkər çuğunduru istehsalçılarına isə 1584,6 min manat subsidiya ayrılıb.