“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə peyk yayımı üçün lisenziya verilib.
Qərar Milli Televiziya və Radio Şurasının bu gün, martın 5-də keçirilmiş növbəti iclasında qəbul edilib.
Teleradio Şurasının məlumatında bildirilir ki, yayım lisenziyası “Real Təhlil İnformasiya Mərkəzi”nə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz verilib.
“Real Təhlil İnformasiya Mərkəzi”ni 2016-cı ildə fəaliyyəti dayandırılmış ANS telekanalının qurucularından olan telejurnalist Mirşahin Ağayev yaradıb. O, mərkəzin baş direktorudur.
Keçmiş ANS-çilərin sosial şəbəkələrdə yaydığı məlumatlardan anlaşılan odur ki, Real-TV-də əsasən iki il öncə bağlanmış telekanalın əməkdaşları toplaşacaqlar.
Buna da bax: 2017-nin nəticələri: 'İş o yerə çatdı ki, hökumət mediasında çalışanlar da getdi'
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra ANS-in efirində həmin hadisələrdə adı hallanan Fethullah Gülen-in müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia etmişdi. İyulun 18-i saat 18:30-dan etibarən bu kanalın yayımını dayandırmışdı.
Şura daha sonra ANS-ə 2013-cü ildə verilmiş lisenziyanın ləğvindən ötrü məhkəməyə müraciət edib. Məhkəmə də iddianı təmin edib. Üstəlik, Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.
Buna da bax: ANS kollektivindən Heydər Əliyevə müraciət
ANS rəhbərliyi həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.
Teleradio Şurası «ANS-ÇM» radiosunun da lisenziyasını ləğv edib.
ANS rəhbərliyi hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.