Birləşmiş Ştatlar Suriyada kimyəvi silah hücumlarının araşdırılmasından ötrü BMT-də daha bir cəhd edib. Üç ay öncə Rusiya BMT-nin təhqiqatını dayandırmışdı.
ABŞ-ın BMT-dəki səfiri martın 1-də deyib ki, BMT Təhlükəsizlik Şurasının yeni təhqiqat qrupu yaratmasını, Suriyada kimyəvi hücumların arxasında kimin dayanmasının müəyyənləşdirilməsini istəyir. Son həftələr şərqi Qutada xlor qazından istifadə barədə məlumatlar gəlməkdədir.
Səfir Nikki Haley ümidini bildirib ki, şura gələn həftənin əvvəlində bu addımı səsə qoyacaq.
BMT-nin öncəki təhqiqatı noyabrda bitib. O zaman Rusiya mandatın təzələnməsinə veto qoymuşdu.
Rusiya iddia edir ki, təhqiqat qrupu kimyəvi hücumların çoxunu Suriya hökumətiylə əlaqələndirməklə qərəzli davranır.
Dəməşq də kimyəvi silahlardan istifadə etmədiyini deyir.