Khamenei Suriyayla bağlı mövqeyindən əl çəkmir

Ayatollah Ali Khamenei

İranın ali dini lideri Ayatollah Ali Khamenei martın 1-də Suriya prezidenti Bashar al-Assad-ı tərifləyib, Tehranın onu dəstəkləməyə davam edəcəyini deyib. Bu arada beynəlxalq ictimaiyyət Dəməşq yaxınlığındakı şərqi Qutada dinc sakinlərin ölümünü kəskin pisləməkdədir.

Bir gün öncə Avropa Birliyi İranla Rusiyanı çağırıb ki, Assad-ın Suriyadakı əməliyyatları dayandırması, BMT-nin elan etdiyi atəşkəsə əməl etməsi üçün ona təsir göstərsin. Şərqi Qutaya rejimin zərbələrindən 500-dən çox dinc sakin dünyasını dəyişib.

İran Suriya hökumətinə dəstəyini davam etdirəcək. Suriyada bu gün cəbhə qurulub, Suriya müqavimətini dəstəkləmək vəzifəmizdir”, – Khamenei deyib. Bu haqda onun rəsmi vebsaytı məlumat yayıb.

Khamenei Assad-ı “müqavimətin böyük örnəyi” adlandırıb, deyib ki, o, “heç vaxt tərəddüd etməyib və güclü mövqe tutub: bu, bir ölkə üçün çox vacibdir”.

Khamenei-nin sözlərinə görə, İran da 40 il öncəki İslam İnqilabından sonra qlobal müxalifətə qarşı möhkəm durub.

Assad-a müraciət edən Khamenei qeyd edib ki, “sizlə biz və müqavimətin digər elementləri qətiyyətlə dayanarsa, düşmən heç nəyi gerçəkləşdirə bilməz”.

BMT Təhlükəsizlik Şurası fevralın 24-də qətnamə qəbul edərək Suriyada 30 günlük atəşkəsə çağırıb. Amma şərqi Qutada zorakılıq davam edir, rejimlə üsyançılar bir-birini suçlayır.