240 min işçinin maaşının artdığı deyilir

Təhsil Nazirliyi

Prezident İlham Əliyevin sərəncamı ilə maaşları artırılan təhsil işçilərinin sayı açıqlanıb.

Bu barədə bu gün, martın 1-də Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir.

Nazirlik vurğulayır ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib. Prezidentinin məlum sərəncamına əsasən, diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əmək haqları artırılıb.

Prezident İ.Əliyev fevralın 28-də təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarını yüksəldib. O, bununla bağlı iki sərəncam imzalayıb.

Birinci sərəncamla dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artıb.

Başqa bir sərəncamla isə dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarına da həmin tarixdən 10 faiz əlavə edilməlidir.

Xatırlatma

Prezident İlham Əliyev son həftələr bəzi təqaüd və müavinətlərin artırılması ilə bağlı da sərəncamlar verib. Həmin artımlar da martın 1-də qüvvəyə minəcək. Amma bu artımlar 10 faizdən 70 faiz arasında dəyişir.