Bakı İdman Sarayında prokuror olmaq istəyənlərin imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.
Məlumatda bildirilir ki, işə qəbul olunmaqdan ötrü ümumilikdə 481 namizəd ərizə təqdim edib. Onlardan 71-i imtahana gəlməyib.
İmtahanda iştirak etmiş 410 namizəddən 222-si müsabiqə şərtini (70 və daha çox bal) yerinə yetirərək növbəti mərhələyə buraxılıb.
Namizədlərdən bir nəfərin ən yüksək – 90 bal topladığı bildirilir.
Prokurorluq orqanlarında işləmək istəyən namizədlərdən ötrü test imtahanının «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq keçirildiyi bildirilir.