Faiq Əmirlinin şərti cəzası qüvvədə qaldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Faiq Əmirli azadlıqda

«Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirli haqqında şərti cəza qərarı dəyişdirilmədən qüvvədə saxlanıb. Ali Məhkəmədə Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası belə qərar çıxarıb.

Fevralın 27-də Ali Məhkəmədə F.Əmirlinin kasasiya şikayətinə baxılıb.

Məhkəmədə F.Əmirli və müdafiəçisi Aqil Layıcov bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini istəyib.

A.Layıcov çıxışında deyib ki, Faiqin türk din xadimi Fətullah Gülənin tərəfdarı kimi təqdim edilməsi, onun təbliği ilə məşğul olması haqda ittihamda yazılanlar absurddur. F.Əmirliyə həmçinin, «Azadlıq» qəzetinin satılmış nüsxələrinin az göstərilməsi və nəticədə 39 minlik vergidən yayınma ilə bağlı da ittiham verilib. Vəkil bu haqda yazılanların da əsassız olduğunu deyib. Layıcov müvəkkilinə bəraət verilməsi ilə yanaşı, həm də Vergilər Nazirliyinin 39 min manatlıq mülki iddiasının da rədd edilməsini istəyib.

F.Əmirlinin çıxışı qısa olub. O, vəkilinin dedikləri ilə razı olduğunu söyləyib. Deyib ki, nəinki fətullahçı deyil, ümumiyyətlə, dinlə əlaqəsi yoxdur.

Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra kasasiya şikayətinin təmin olunmadığını, Bakı Apellyasiya Məhkəməsinin qərarının qüvvədə saxlandığını elan edib.

Xatırlatma

«Azadlıq» qəzeti 2016-cı ilin sentyabrından maddi və başqa problemlər üzündən çapını dayandırıb.

Bir neçə il əvvəl qəzetin baş redaktoru Qənimət Zahid, bu ilin əvvəlində isə qəzetin redaktoru Rahim Hacıyev Avropaya mühacirətə gedib.

«Azadlıq» qəzetinin yayım direktoru F.Əmirli isə həbs olunub. 2016-cı il avqustun 20-də saxlanan F.Əmirli Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib. O, məhkəmənin qərarı ilə 3 il 3 ay həbs cəzası alıb. 2017-ci il sentyabrın 15-də o, şərti azadlığa buraxılıb.

2017-ci ilin aprelində məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbiylə qəzetin azadliq.info ünvanındakı saytını bloklamaq barədə qərar çıxarıb. Sayta indi yalnız ölkə xaricindən giriş mümkündür.