Casusluqda günahlandırılanların istintaqı yekunlaşır

Xanlar Vəliyev

«Casusluqda ittiham olunanların bir qisminin cinayət işi məhkəməyə göndərilib, bir qismi də göndəriləcək».

APA-nın xəbərinə görə, bunu açıqlamasında ölkənin hərbi prokuroru Xanlar Vəliyev deyib. O bildirib ki, cinayətdə ittiham edilənlərin hərbi hissələri fərqlidir:

«Hərbi hissələr fərqlidir. Müəyyən şəxslər haqqında istintaq davam edir. Biz düşünürük ki, Novruz bayramına qədər iş tam yekunlaşıb, məhkəməyə göndəriləcək».

2017-ci il mayın 7-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yaymışdılar. Həmin məlumatda bir qrup hərbçi və mülkü şəxsin dövlətə xəyanətdə ittiham edildiyi bildirilirdi.

Hüquq-mühafizə orqanları vurğulayırdılar ki, həmin şəxslər Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılırlar. Onların hərbi sirr təşkil edən məlumatları qarşı tərəfə ötürdükləri bildirilirdi.

Üstəlik, Bakı şəhərində ictimai yerlərdə təxribat və terror hadisələrinin planlaşdırıldığı və bunun qarşısının alındığı iddia edilirdi.

Rəsmi açıqlamada Hərbi Prokurorluqda həmin şəxslərlə bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı vurğulanırdı.

Ancaq rəsmi məlumatlarda tutulanların dəqiq sayı, kimliyi və başqa məlumatlar göstərilmir. Tutulanların ittihamlara münasibəti də bəlli deyil.