Mindən çox məhkumun cəzası dəyişdirilib

Əli Hüseynli

Milli Məclisin fevralın 23-də keçirilən iclasında prezidentin cəzaların humanistləşdirilməsi ilə bağlı ötən il imzaladığı sərəncamın tətbiqindən danışılıb.

APA-nın xəbərinə görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli xatırladıb ki, ötən il bununla bağlı qanunvericiliyə dəyişiklik edib. O, həmin dəyişikliklərin icra vəziyyəti ilə bağlı bunları deyib:

«Bu günə qədər məhkəmələrə qanunun tətbiqi ilə əlaqədar 4000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azadlıqdan məhrumetmə cəzasından azad edilib. 585 məhkumun azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılıb. 465 məhkum isə - hansı ki, azadlıqdan məhrumetmə cəzasına yox, digər cəzalara məhkum olunub - onlar da azad ediliblər. 59 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib, yəni yüngülləşdirilib.

Hazırda məhkəmələrdə qanunun tətbiqi ilə bağlı daha 1700 təqdimat var. Daha 5000 məhkum barəsində də təqdimat nəzərdə tutulur.

Beləliklə, ümumilikdə bu qanunun tətbiqi ilə bağlı proqnoz ondan ibarətdir ki, daha 1500-ə yaxın məhkum azad ediləcək, minlərlə məhkumun cəzaları bu və ya digər formada yüngülləşdiriləcək».

Xatırlatma

Ötən il fevralın 10-da prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə fərman verib.

Bundan sonra ölkə parlamenti Cinayət Məcəlləsində 300-ə yaxın dəyişiklik edib.