Prezident 'Boeing'in rəhbərini qəbul edib

Boeing-787 Dreamliner

Bu gün, fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyev «Boeing Commmercial Airplane» şirkətinin prezidenti və baş icraçı direktoru Kevin MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı deyib ki, Azərbaycan ilə «Boeing» şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq həyata keçirilir. Onun bildirməsinə görə, bu şirkətin istehsal etdiyi 20-yə yaxın təyyarəni Azərbaycanın mülki aviasiyası alıb.

Prezident İ.Əliyev Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində böyük nailiyyətlərin əldə edildiyini bildirərək, son illər ölkədə 7 yeni aeroportun inşa edildiyini vurğulayıb.

Dövlət başçısı yüklərin hava nəqliyyatı vasitəsilə daşınmasına toxunaraq, Azərbaycanın təkcə regionda deyil, qlobal karqo trafikdə artıq mühüm rol oynadığını söyləyib.

İ.Əliyev Azərbaycanın «Boing» şirkəti ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Xəbərdə qeyd edilir ki, K.MakAlister də əməkdaşlıqdan məmnunluğunu bildirib.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.