Nazirlər Kabineti Bayıl yamacındakı sürüşmə ilə bağlı evlərindən köçürülənlərə kirayə pulunun ödənilməsi barədə fevralın 13-də sərəncam verib.
Bunu Nazirlər Kabinetindən bildiriblər.
Sərəncama görə, 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqının ödəniləcəyi vurğulanır. Amma kirayə haqqının məbləğı açıqlanmır.
Qərara görə, kirayə haqqı ərazidən köçürülən hər bir ailənin tərkibi nəzərə alınmaqla ödəniləcək. Bundan ötrü hər bir ailəyə bank hesabının açılması nəzərdə tutulub. Sərəncamın icrası Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb.
Nazirlər Kabinetindən həmçinin deyiblər ki, Bayıl sürüşmə sahəsində tədqiqatlar başa çatanda hökumət yekun qərarını verəcək.
Xatırlatma
Bayıl yamacında sürüşmənin bu ilin yanvarında aktiv fazaya keçdiyi bildirilir.
«Teleqüllə» adlanan bu sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yarandığı deyilir.
Ərazidən əvvəlcə təqribən 100 ailənin çıxarıldığı bildirilmişdi. Onlardan getməyə yerləri olmayanlar Səbail rayonundakı məktəblərə yerləşdirilib. Sonradan ərazidən ailələrin köçürülməsinin davam etdiyi açıqlanmışdı.
Buna qədər sonuncu dəfə Bayılda sürüşmə 2011-ci ilin avqustunda, ilk dəfə isə 1870-ci ildə qeydə alınıb.
2017-ci ilə qədər Bayıl ərazisində 10 dəfə sürüşmə baş verdiyi bildirilir.