Rusiya oliqarxlarına yeni sanksiyalar hazırlanır

Steven Mnuchin

ABŞ Xəzinədarlığının rəhbəri Steven Mnuchin deyir ki, Moskvanın 2016-cı ildə Birləşmiş Ştatlarda seçkiyə müdaxiləsinə cavab olaraq varlı rusiyalılara “yaxın gələcəkdə” yeni sanksiyalar qoyulacaq.

“Həmin sanksiyalar üzərində fəal işləyirik. Onları yaxın gələcəkdə gözləyin”, –Mnuchin fevralın 14-də Senatın maliyyə komitəsində çıxışında deyib.

Ötən yay konqres Rusiyaya yeni sanksiyalarla bağlı qanun layihəsinə yekdilliklə səs verdi, amma seçki kampaniyası dövründə Moskvayla daha sıx münasibətlərlə bağlı təbliğat aparmış Donald Trump bu sənədi könülsüz imzaladı.

Qanunun icrasından ötrü Xəzinədarlıq ötən ay Rusiyanın 114 aparıcı siyasətçisinin və 96 oliqarxının siyahısı dərc etdi, onların prezident Vladimir Putin-lə yaxınlıq hesabına sərvət qazandığını bildirdi. Amma o zaman yeni sanksiyalar elan olunmadı.

ABŞ konqresmenləri və digərləri Xəzinədarlığı siyahıdakı azı bəzi şəxslərə dərhal sanksiya qoymadığına görə tənqid etdi.

Mnuchin yanvarın 30-da yeni sanksiyaların hazırlandığını, onların “yaxın bir neçə aya, ola bilsin, bir aya” elan olunacağını açıqladı.