Xarici ticarət dövriyyəsi 10 faiz azalıb

İxrac

2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər. 116 ölkəyə məhsul ixrac olunub, 179 ölkədən isə idxal edilib.

Dövlət Statistika Komitəsinin (DSK) bu gün fevralın 14-də yaydığı məlumatda belə bildirilir.

«Gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24 milyard 257.6 milyon ABŞ dolları təşkil edib. O cümlədən ixracın dəyəri 15 milyard 475.6 milyon dollar, idxalın dəyəri 8 milyard 782 milyon dollar təşkil edib. Nəticədə 6 milyard 693.6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12.3 faiz artıb, real ifadədə isə 10.7 faiz, o cümlədən ixrac 7.1 faiz, idxal 16.1 faiz azalıb», - məlumatda qeyd edilir.

Rusiya idxalda liderdir

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 31.9 faizini İtaliya, 9.9 faizini Türkiyə, 4.6 faizini İsrail, 4.3 faizini Rusiya, 4 faizini Çexiya, 3.9 faizini Kanada və qalan hissələrini də başqa ölkələr təşkil edib.

İdxalda isə 17.7 faizlə Rusiya birincidir.

Malların 14.5 faizi Türkiyədən, 9.7 faizi Çindən, 8.2 faizi ABŞ və başqa ölkələrdən gətirilib.