İlham Əliyev: 'Azərbaycanda neft, qaz hasilatı artacaq'

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyətini qəbul edib.

“Əsas prioritetimiz bizə iqtisadiyyatımızı şaxələndirməyə və neft-qazdan asılılığı azaltmağa imkan yaradan qeyri-enerji sektorudur. Qeyri-enerji sektorunda yanvar ayında iqtisadiyyatımızda demək olar ki, dörd faizlik artım müşahidə olunub və qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. Bu, islahatları çox yaxşı əks etdirir”.

AzərTAC-ın xəbərinə görə, prezident İlham Əliyev fevralın 13-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə belə deyib.

Alman şirkətləri ilə əməkdaşlığın əsasən qeyri-enerji sektoruna aid olduğunu ifadə edən prezident Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunub.

“Qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir. Nəzərə almaq lazımdır ki, bizim kifayət qədər xammalımız var və tikinti materialları sahəsində yerli istehsal son 10 ildə xeyli artıb”, – o, vurğulayıb.

Buna da bax: İlham Əliyev: 'Söz vermişdim ki, regionlarda inkişaf sürətlə gedəcək...'

Prezident Azərbaycanda turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini ifadə edib:

“Bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər. Bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var”.

Peşə hazırlığının Azərbaycanda təhsilin mühüm istiqamətlərindən olduğunu deyən prezident ölkədə savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu bildirib.

“Azərbaycan peşə hazırlığı sahəsində əməkdaşlığın həyata keçirilməsini dəstəkləyir və bununla bağlı müvafiq qurumlar arasında əlaqələndirmənin həyata keçirilməsi vacibdir”, – prezident deyib.

Buna da bax: 'Heydər Əliyevin ən böyük mirası İlham Əliyevdir'

Azərbaycanın icra etdiyi enerji layihələrindən də bəhs edən İlham Əliyev yeni yataqlar üzrə dünyanın bir sıra aparıcı şirkətləri ilə danışıqların aktiv fazaya daxil olduğunu ifadə edib. O, qeyd edib ki, Azərbaycanda neft və təbii qaz hasilatı sabit qalacaq və gələcəkdə daha da artacaq.