Özbəkistanda vergi və gömrük orqanlarında reyd keçirilib

Botir Parpiev

Fevralın 13-də Özbəkistanda vergi və gömrük agentliklərində axtarış aparılıb, sənədlər müsadirə olunub, işçilər sorğu-sual edilib. Bunu adlarının çəkilməsini istəməyən rəsmilər AzadlıqRadiosu və digər mətbuat orqanlarına deyiblər.

Daxili İşlər Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı deyib ki, Vergi Komitəsinin yerləşdiyi binaya giriş-çıxış məhdudlaşdırılıb, yolu hərbi yük maşınları kəsib.

İki həftə öncə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rustam Inoyatov vəzifəsindən kənarlaşdırılıb. O, Vergi Komitəsinin rəhbəri Botir Parpiev-lə qohumdur.

23 il təhlükəsizlik orqanına rəhbərlik etmiş Inoyatov-u vəzifədən prezident Shavkat Mirziyoev uzaqlaşdırıb və bu, prezidentin öz hakimiyyətini möhkəmləndirmək cəhdi kimi görülüb.

2016-cı ilin sentyabrında avtokrat lideri Islam Karimov-un vəfatından sonra Mirziyoev vəzifəyə keçib.

Parpiev-in bu yaxınlarda xəstəxanaya yerləşdirildiyi bildirilir, amma səbəbləri açıqlanmır.

Rəsmilər ötən həftə bildiriblər ki, vergi və gömrük komitələrinin 8,5 milyon dolları təyinatı üzrə xərcləməməsiylə bağlı cinayət işi açılıb.