Vergi Məcəlləsinin dəyişdirilməsi təklif olunur

Vahid Əhmədov

«Vergi Məcəlləsinə dəyişikliklər edilməlidir».

APA-nın xəbərinə görə, bu təkliflə bu gün, fevralın 13-də «Vergilər. Şəffaflıq. İnkişaf» adlı konfransda deputat Vahid Əhmədov çıxış edib. Onun bildirməsinə görə, Vergi Məcəlləsi yenidən işlənib hazırlanmalıdır.

«Ən ciddi məsələlərdən biri regionların iqtisadi inkişafı ilə bağlıdır. Əsas məqsəd yerlərdə sosial iqtisadi inkişafı və infrastruktur layihələri həyata keçirmək olmalıdır. Yerli vergiləri yerli büdcələrə verməyi təklif edirəm. Bundan başqa, sadələşdirilmiş verginin faizi çox aşağıdır. Əsas səbəb isə dövriyyənin 200 min manat olmasıdır. Ötən müddətdə manat devalvasiyaya uğradı, ucuzlaşdı, amma bu məbləğ üçün sadələşdirilmiş vergini saxlamışıq. Sahibkarlar ya məcbur olub şirkətlərini bağlayır, ya da yeni şirkət yaradırlar. Təklif edirəm ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu əldə etmək üçün müəyyənləşdirilən bu məbləğə yenidən baxılsın və bu məbləğ 300-400 min manat səviyyəsinə qaldırılsın», - deyə V.Əhmədov bildirib.

«Proqnozlar verəndə bunu razılaşdırsınlar ki...»

O deyib ki, Əlavə Dəyər Vergisinin (ƏDV) diferensiallaşdırılması da vacib məsələlərdəndir. Deputat deyib ki, Hesablama Palatasının rəyində bununla bağlı nöqsanlar olduğu da göstərilib.

«Vergi yoxlamaları ilə bağlı da Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Vergi ödəyicisinin işgüzar nüfuzuna xələl gəlməməsinə xüsusi diqqət yetirməlidir. Bundan başqa, elektron qaimə fakturası məsələsində də ciddi problemlər var... Xahiş edirəm ki, nazirlik sənədləşmə işində ehtiyatlı olsun ki, sahibkarlar da əziyyət çəkməsin. Eyni zamanda, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6.5-7 milyard manat həcmində vəsait daxil olur. Bu vəsait kifayət qədər böyükdür və bu vəsaitin yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər nazirlikləri proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətə uyğun olsun».