Ekspertlər: Sürüşmə dayanmayıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Bayılda baş verən sürüşmədə azı 4 evə zərər dəydiyi bildirilir

«Bayıl yamacında sürüşmə ilə bağlı gərginlik hələ azalmayıb və sürüşmə prosesi başa çatmayıb».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralov sürüşmə zonasında aktivliyin davam etdiyini bildirərək ora kənar şəxslərin yaxın getməsini qorxulu və təhlükəli adlandırıb:

«Bəzi yerlərdə çatlar o qədər dərindir ki, ora düşən şəxsin çıxması belə mümkün deyil. Ona görə ərazini qorxulu və təhlükəli adlandırırıq. Ekspedisiya üzvləri ora yaxınlaşırsa, bu müşahidələrin davam etməsi, mövcud vəziyyəti öyrənməklə bağlıdır».

Ə.Qaralov prosesin nə zaman başa çata biləcəyini söyləməyin çətin olmadığını bildirib.

Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı isə son yağan yağışdan sonra sürüşmənin daha da aktivləşdiyi söyləyib:

«Hələ bundan sonra sürüşmənin daha nə qədər davam edəcəyini demək mümkün deyil. Yenidən yağış yağarsa, nə olub-olmayacağı da bilinmir. Amma təhlükəsizliklə bağlı sürüşmə zonasında olan daha bir neçə evin də sakinləri oradan köçürülüb».

Xatırlatma

Bayıl yamacında sürüşmənin bu ilin yanvarında aktiv fazaya keçdiyi bildirilir.

«Teleqüllə» adlanan bu sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı deyilirdi. Son günlərdə çatların bir qədər də artdığı söylənib.

Ərazidən 100-dən çox ailə çıxarılıb. Onlardan getməyə yerləri olmayanlar Səbail rayonundakı məktəblərə yerləşdirilib. Fevralın 10-da da ərazidən ailələrin köçürülməsi davam edib.

Buna qədər, sonuncu dəfə Bayılda sürüşmə 2011-ci ilin avqustunda, ilk dəfə isə 1870-ci ildə qeydə alınıb.

2017-ci ilə qədər Bayıl ərazisində 10 dəfə sürüşmə baş verdiyi bildirilir.