«Bayıl yamacındakı sürüşmə zonasında işlər davam edir, cihazlar fəaliyyətdədir. Əlavə cihazlar da qoyulub, məlumatlar toplanır».
Bunu Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzindən (SXM) deyiblər.
Xidmətdən bildirildiyinə görə, məlumatların toplanması məqsədilə işlərin mart ayının sonuna kimi davam etdirilməsi qərara alınıb:
«Burada məqsəd təkcə hazırda sürüşmə zonasında baş verən prosesləri yox, həm də sürüşməyə səbəb olan amilləri müəyyən edərək aradan qaldırmaqdır. Sürüşməyə səbəb bir çox amillər ola bilər. Buna qrunt sularının da, yağışların da, tikintinin də təsiri mümkündür. Odur ki, qəti qərara gəlmək üçün müşahidələrin martın sonuna kimi davam etdirilməsi barədə qərar qəbul edildi».
Xatırlatma
Bayıl yamacında sürüşmənin bu ilin yanvarında aktiv fazaya keçdiyi bildirilir.
«Teleqüllə» adlanan bu sürüşmə sahəsi - Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yarandığı deyilir.
Ərazidən 100-dən çox ailə çıxarılaraq Səbail rayonundakı məktəblərə yerləşdirilib.
Buna qədər, sonuncu dəfə Bayılda sürüşmə 2011-ci ilin avqustunda, ilk dəfə isə 1870-ci ildə qeydə alınıb.
2017-ci ilə qədər Bayıl ərazisində 10 dəfə sürüşmə baş verdiyi bildirilir.